Qızılyel xəstəliyi haqqında, əlamətləri və müalicəsi
Qızılyel törədici A qrup betta hemolitik streptokokklardır. Yoluxma əsasən dəri və selikli qişalar, tənəffüs yolları ve bəzən hematogen yolla da olur ki, bu zaman sepsis baş verir. Mövsümlə bağlı olub daha çox payız-qış aylarında aktiv olur. Orqanizmində streptokokk ocağı olan hər kəsdə bu xəstəlik yarana bilər. Xüsusilə revmatizm, revmatoid artrit, skarlatina, angina, frunkulyoz, bundan basqa şəkərli diabet, limfa və qan dövranı pozğunluğu olanlar bu xəstəliyə daha həssasdır. Çünki bunlarda hemolitik streptokokklara qarşı ləng tipli həssasliq daha yüksək olur. Qızılyel toksiko-allergik xəstəlikdir. Xəstəliyin patogenezində damar zədələnmələri əsas rol oynayır, qan dövranı pozulur.
Xəstəlik 2-4 günlük inkubasion dövrdən sonra birdən birə yüksək temperatur, baş və əzələ ağrıları ilə başlayır. 12-36 saat sonra zədələnmə yerində dəridə göynəmə, ağrı daha sonra qızartı və qalınlaşma olur. Xəstə dəhşətli ağrılardan və göynəmədən şikayətlənir. Əl vurduqda ağrı daha da şiddətli olur.
4 forması var-eritematoz, eritematoz-bulloz, eritematoz-hemorragik, bulloz-hemorragik. Hər bir formanın özünə məxsus xüsusiyyətləri var. Eritematoz forma üçün daha çox kəskin və aydın sərhədləri olan xəritəyəbənzər forma xarakterdir. Vaxtında müalicə olunsa bir neçə günə sağalır. Yerində qabıqlanma verir. Bulloz formada suluqlar formalaşır. Bəzən suluq yerində qansızma, eroziya, xoralar ola bilir. Yara ətrafında limfa damarlari iltihablaşır.
Qızılyel qadınlarda süd vəzilərində, kişilərdə cinsiyyət üzvlərində yaransa proses qanqrenaya keçə və orqanın çapiqlaşmasına, funksiyasının pozulmasına gətirib çıxara bilər. Bundan başqa ağızda damağın selikli qişasının zədələnməsi özünü hiperemiya, angina, suluqlar şəklində, burnun zədələnməsi rinit şəklində göstərir. Qanda leykositoz,EÇS-in artmasi müşahidə olunur.
Bundan başqa tez-tez residivlər baş verə bilir. Bu zaman ilkin zədə yeri iltihablaşır, bədən temperaturu yüksəlir, halsızlıq yaranır. Vaxtında müalicə olunmasa irinli ağırlaşmalar baş verir.
Müayinə üçün xüsusi üsul yoxdur. Xəstədən ümumi qan analizi alınır, streptokokk fermentləri yoxlanılır. Müalicə üçün antibiotiklər, ağrı kəsicilər, qan dövranını yaxşılaşdıran preparatlar təyin olunur. Xəstəyə gigiyenik qaydalara əməl olunması, zədə nahiyyəsinin immobilizasiyası məsləhət görülür.