Qrip xəstəliyi nədir, əlamətləri və ağırlaşmaları hansılardır?

Qrip xəstəliyinin əlamətləri və digər xəstəliklərdən differensasiyası

Günümüzdə koronavirus xəstəliyinin geniş vüsət alması ilə bağlı insanlarda baş verən öskürək, qızdırma, halsızlıq əlamətləri hər kəsi təlaşa sala bilir. Amma unutmayaq ki, İnfluenza (qrip) virusu da bənzər əlamətlər verir. Ona görə də vaxtında həkimə müraciət edib düzgün differensiya və müalicə vacibdir. İnfluenza yüksək temperatur, baş ağrısı, halsızlıq və mialgiya (əzələ ağrısı) verən virus infeksiyasıdır. Hava damcı infeksiyalarına aid olunur, yəni xəstə insandan ösķürmə, asqırma və danışma zamanı havaya xaric olur və sağlam insanı yoluxdurur. Yoluxmada təmas faktoru rol oynasa da bu çox az rast gəlinir. Influenza virusu yuxarı və aşağı tənəffüs yollarında artıb çoxalır və hüceyrələrin nekrozuna səbəb olur. Qısa bir inkubasiya dövründən sonra titrətmə ilə kəskin başlayır, daha sonra temperatur yüksəlir, baş ağrısı, halsızlıq, iştahsızlıq ilə özünü göstərir. Ağrı daha çox alın, gicgah nahiyyəsində, qaşların üstündə, göz almalarında və bəzən beldə müşahidə olunur. Oynaq, əzələ ağrıları xəstəni olduqca halsız edir. Temperatur 38 və daha yüksək ola bilər və bir neçə gün davam edir. Bəzən hətta 40-41 dərəcələrə qədər yüksəlir. Xəstədə boğaz ağrısı, burun axıntısı, əvvəlcə quru sonra selikli öskürək, səsin qalınlaşması, gözlərdə konyuktivaların qızarması, müayinə zamanı yumşaq damaqda və udlaqda səpgilər müşahidə olunur. Öskürək hətta hərarət endikdən sonra belə davam edir. Öskürək zamanı döş nahiyyəsində ağrı nəzərə çarpır. Bəzən hətta qarın ağrısı və ishal da rast gəlinir. Xəstələrin üzü xarakter görkəm alır, üz qırmızı və nəmli olur, burnu və dodaqları uçuqlayır. Bəzən boyun nahiyyəsində limfa düyünləri böyüyür və ağrılı olur.

Qripin ağırlaşması

Vaxtında müalicə olunmasa, müxtəlif ağırlaşmalar verir. Bu ağırlaşmalara aiddir: tənəffüs yollarındakı bakteriyalar asanlıqla qana keçir və toksikoz əlamətləri verir. Bundan basqa qrip viruslarının immun sistemə mənfi təsiri nəticəsində ikincili bakterial ağırlaşmalar baş verir: xüsusən stafilakokk mənşəli-pnevmoniya (bu zaman irinli bəlğəm xaric olunur), daha sonra sinusit (burun bosluqlarının iltihabı) və meningit. Xüsusən uşaqlar və ürək-damar sistemi xəstəliyi olan, beyin qan dövranı pozulmuş insanlarda qripin fəsadları daha ağır olur. Uşaqlarda yalançı inağ, otit, plevrit daha çox rast gəlir. Bunlar baş verməsin deyə ilkin simptomlar olduqda həkimə müraciət edib, müayinə olunmaq lazımdır. Bəzənsə yüksək anadangəlmə immunitet hesabına orqanizm bu xəstəliyi çox yüngül keçirir. Birdən-birə hərarət enir, proses geriyə inkisaf edir, xəstənin vəziyyəti yaxşılaşır. Ümumiyyətlə hava-damcı ilə yoluxan xəstəliklərdə ən önəmlisi ətrafınızda sağlam şəxsləri yoluxdurmamaq üçün onlardan uzaq olub məsafə qorumaq lazımdır. Yataq rejimi və çoxlu maye qəbulu mütləqdir. Profilaktikasına gəldikdə isə immun sisteminin güclü olmasına xüsusi diqqət göstərmək lazımdır. Unutmayaq ki, hər bir insan birinci özünün həkimi olmalıdır.